"Eurovision 2008" Mahnı Müsabiqəsinin birinci yarım finalı başa çatdıqdan sonra, finala adlayan 10 ölkənin, o cümlədən Azərbaycan nümayəndə heyəti birgə mətbuat konfransı keçiriblər. Konfransda jurnalistlərin sualları cavablandırılmaqla yanaşı, bu ölkələrin finalda hansı nömrə altında çıxış edəcəklərini dəqiqləşdirmək üçün püşkatma keçirilib. Püşkatma nəticəsində Azərbaycanın finalda 20-ci çıxış edəcəyi bəlli olub.
Qeyd edək ki, mətbuat konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Elnur Hüseynov və Samir Cavadzadə iştirak etməyib. Elə jurnalistlərin bizim nümayəndələrə ünvanladıqları ilk sual da bu olub. Heyətin rəhbəri bunu Elnur və Samirin ingilis dilini zəif bilmələri və konfransda tərcüməçinin olmamsı ilə əsaslandırıb.
Növbəti sual “Finalda olmaq Azərbaycan üçün nə deməkdir ?” olub. “Bu, Azərbaycan mədəniyyətini Avropada nümayiş etdirmək üçün böyük bir imkandır”- deyə Azərbaycan nümayəndəsi bildirib./QAYNAR.INFO/
(14:21) “Belqrad Arena”da keçirilmiş “Eurovision-2008” müsabiqəsinin ilk yarımfinalında iştirak edən 19 ölkədən finala müsabiqə qazananlar müəyyənləşib. APA-nın məlumatına görə, Yunanıstan, Rumıniya, Bosniya və Hersoqovina, Finlandiya, Rusiya, İsrail, Azərbaycan, Ermənistan, Polşa, Norveç müsabiqənin finalında təmsil olunmaq hüququ qazanıblar.
(13:55) Bakı vaxtı ilə saat 12:00 da Serbiyanın paytaxtı Belqradda keçirilən “Evrovision” 2008 müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə 7 nömrə altında möhtəşəm "Day after day" parçasını təqdim etdilər.
Bəlli olduğu kimi Azərbaycanda yaşayan vətəndaşlar öz təmsilçisinə səs verə bilməz. Odur ki, xaricdə yaşayan soydaşlarımızı, bütün Azərbaycansevərləri aktiv olmağa, Azərbaycana səs verməyə çağırırıq!
Qeyd edək ki, bu gün 19 ölkə çıxış edir. Azərbaycana səs vermək üçün 07 yazıb 8440 nömrəsinə göndərmək lazımdır!
Beləliklə, bugünkü yarımfinaldakı ölkələrin çıxış ardıcıllığı belədir: Çernoqoriya, İsrail, Estoniya, Moldova, San-Marino, Belçika, Azərbaycan, Sloveniya, Norveç, Polşa, İrlandiya, Andorra, Bosniya və Herseqovina, Ermənistan, Niderland, Finlandiya, Ruminiya, Rusiya və Yunanıstan. Mayın 22-də isə “Eurovision” müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Bu gün ilk yarımfinalda çıxış edəcək ölkələrin təmsilçilərinin son məşqi keçiriləcək.
Elnur Hüseynov
1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbçi ailəsində doğulmuşdur. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil alıb. 1999-cu ildə Bakıya gələrək, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakültəsinə daxil olmuşdur. 2001-ci ildə Asəf Zeynallı ad. Musiqi məktəbinə daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyir. 2003-cü ildə “Sing your Song” tele-layihəsində “Qran-pri” mükafatına layiq görülüb. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənmişdir. M. Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda işləmişdir. Sevda Məmmədovadan və Fidan Hacıyevadan dərs almışdır. Hal-hazırda Rəşad Haşımovdan dərs alır.
Samir Cavadzadə
1980 - cı il aprelin 16 Bakıda doğulub. Qaradağ rayonunun 233 saylı məktəbini bitirib. 1997 - ci ildə Bakı Biznes Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakultəsinə daxil olub. 1998 - ci ildə Cabbar Qaryağdı oğlunun adına 5 illik musiqi məktəbinə daxil olub. 3 il "Şeron" qrupunun solisti olduqdan sonra, öz solo karyerasına başlamışdı./TELEBE.AZ/